Birləşmiş Ştatlar "böyük ehtimalla” Rusiya və Səudiyyə Ərəbistanını ötərək dünyanın ən böyük neft hasilatçısına çevrilməkdədir. Bunu Birləşmiş Ştatların Enerji İnformasiyası Agentliyi (EIA) bildirib.
Qurum sentyabrın 12-də ilkin məlumatlara və dəyərləndirmələrə istinadla bildirib ki, fevralda ABŞ-ın xam neft hasilatı son 20 ildə ilk dəfə olaraq Səudiyyə Ərəbistanını keçib.
İyunda və avqustda isə ABŞ-ın hasilatda Rusiyanı arxada qoyduğu vurğulanır. Bu, 1999-cu ilin fevralından bəri ilk dəfə baş verir.
EIA bildirir ki, ABŞ ilin sonunadək və gələn il ərzində də Rusiya və Səudiyyə Ərəbistanını geridə qoyacaq.
Birləşmiş Ştatların xam neft hasilatını 2011-ci ildən sürətlə artırdığı qeyd olunur.
EIA-nın hesablamasına görə, bu il ABŞ-ın gündəlik neft hasilatı ortalama 10,7 milyon barrel olacaq ki, ötən il bu göstərici 9,4 milyon barrel idi. 2019-cu ildə isə gündəlik orta hasilat 11,5 milyon barrelə bərabərləşəcək.
2014-cü ildə neft ucuzlaşması ABŞ-da hasilatçıları istehsalı azaltmağa məcbur etdi. Ancaq 2016-cı ilin əvvəlində qiymətlər yüksələndən investisiya və hasilat da artdı.
Hesabata görə, son illər Rusiya və Səudiyyə Ərəbistanından hasilat nisbətən dəyişməz qalıb.
Birləşmiş Ştatlar 1973-cü ildə dünyada neft hasilatı üzrə lider mövqedə idi.
Azadlıq Radiosu
XƏBƏRLƏR