16:12, 14 Noyabr 2018 (Çərşənbə) 185

"Azadlıq" qəzetinin ofisindən oğurluq olub

Fəaliyyəti dayanan "Azadlıq" qəzetinin "Azərbaycan" nəşriyyatının 9-cu mərtəbəsində yerləşən ofisindən oğurluq edilib.

Bunu Azadlıq Radiosuna qəzetin redaktoru Rövşən Hacıbəyli bildirib.

R.Hacıbəylinin sözlərinə görə, qapını sındırıb içəri daxil olublar, "Azərbaycan saatı" proqramının kamerasını oğurlayıblar.

Redaktor vurğulayıb ki, bundan başqa, qəzetin nüsxələrini də aparıblar.

"Redaksiyada "Azərbaycan saatı" proqramının çəkilişləri aparılır. Həmin otaqdan 8-ci mərtəbədəki akt zalına qapı var. Akt zalında xeyli vaxtdır ki, təmir işləri aparılır. Elə həmin qapını sındırıb içəri giriblər. "Azərbaycan saatı"nın kamerasını götürüblər, masaların siyirmələrini də axtarıblar. Qəzetin 2005, 2006, 2007, 2008-ci illərdə çıxan saylarını da aparıblar", - redaktor bildirir.

R.Hacıbəylinin deməsinə görə, oğurluqla bağlı nəşriyyatın məsul işçilərinə və təmiri aparan briqadanın rəhbərliyinə məlumat verilib. Bundan sonra isə hüquq-mühafizə orqanlarına şikayət etmək niyyətindədirlər.

"Azadlıq" qəzetində oğurluqla bağlı deyilənlərə, hələlik, "Azərbaycan" nəşriyyatından və hüquq-mühafizə orqanlarından münasibət almaq mümkün olmayıb.

"Azadlıq" qəzeti 1989-cu ildən nəşr edilirdi. Qəzetin ilk baş redaktoru mərhum Nəcəf Nəcəfov olub.

"Azadlıq" qəzetinin hazırda baş redaktoru Qənimət Zahiddir. O, Avropada mühacirətdədir.

"Azadlıq" qəzetinin çapı maliyyə və başqa səbəblərdən 2016-cı ildən dayanıb.

Qəzetin saytına isə 2017-ci ildən məhkəmə qərarı ilə Azərbaycan daxilindən girişə məhdudiyyət qoyulub. Buna səbəb kimi saytda dövlət əleyhinə bəzi yazıların dərc edilməsi göstərilib. Ancaq qəzet rəhbərliyi və vəkilləri bununla razılaşmırlar. Onlar baş verənləri mediaya basqı sayırlar.