14:00, 07 Fevral 2019 (Cümə axşamı) 424

Azərbaycan gömrüyü yeni məhdudiyyətlər tətbiq edib

Azərbaycan gömrüyü yeni məhdudiyyətlər tətbiq edib
Xaricə səfər edən Azərbaycan vətəndaşları geri qayıdarkən aldıqları əşyaların ölkəyə gətirilməsi ilə bağlı yeni məhdudiyyət və qadağalarla üzləşiblər.

Bu barədə banker.az saytı məlumat paylaşıb.

Bildirilir ki, insanlara şəxsi istifadə üçün gətirilən bir neçə kiçik əşyanın gömrükdə keçirilməsinə icazə verilməyib. Bildirilib ki, şəxsi istifadə üçün gətirilən malların sayı və məbləği, eyni zamanda həm qiymət, həm də say limiti ilə məhdudlaşıb.

Dövlət Gömrük Komitəsindən belə məhdudiyyətlərin olduğunu təsdiqləyiblər. Komtədən bildiriblər ki, dəyərindən asılı olmayaraq (hətta qanunvericilikdəki məbləğ limiti daxilində olsa da,) istənilən əşyadan ölkəyə şəxsi istifadə üçün yalnız 2 ədəd gətirmək olar:

"Üçüncü əşya olduqda bu artıq həmin əşyanın kommersiya məqsədilə gətirilməsi hesab olunur və malı gətirən vətəndaş ona görə gömrük rüsum və vergiləri ödəməlidir. Bu, Nazirlər Kabinetinin 2013-cü il tarixli 305 saylı qərarı ilə təsdiqlənmiş qaydalarda nəzərdə tutulub”.

Komitədən bildirilib ki, bir əşyadan üçü gətirilsə, malların hamısı (qaydalarla icazə verilən 2 ədəd də) qanunsuz mal kimi vətəndaşdan alınıb anbara vurulur. Və həmin şəxs öz vəsaiti ilə həmin malları geriyə göndərməlidir.