17:50, 15 Noyabr 2018 (Cümə axşamı) 208

"Azərbaycan Norveç səfirliyi olmadan da yaşaya bilər" - YAP rəsmisi

Norveçin Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumata görə, 2019-cu ildə Norveçin Bakıdakı səfirliyi bağlanacaq. 

Eyni vaxtda isə səfirliyin Gürcüstanın paytaxtı Tbilisidə açılacağı planlaşdırılır.  

"Gürcüstan Avrasiya regionunda prioritet tərəfdaş ölkələrdən biridir. Uzun illərdir Avropa və Avro-Atlantik əməkdaşlıq strukturlarına yaxınlaşdıran islahatların gedişatını izləyir", - deyə nazirliyin  açıqlamasında qeyd edilib. 

Bununla bağlı Norveçin Azərbaycandakı keçmiş səfiri Steynar Gil iki ölkə arasında baş verən son hadisələrə münasibət bildirib.

O, Gürcüstanda fəaliyyətin daha asan olduğunu deyib: "Gürcüstan 2012-ci ildən Osloda səfirlik açıb. Gürcüstanda biz daim rahat işləmişik. Belə ki, bu ölkədə islahatlar fəal aparılır və Gürcüstan bizim dəyərlərimizi bölüşür. Eyni şeyi Azərbaycandakı rejim haqqında demək olmaz”.

REAL-ın Məslis sədri, politoloq Azər Qasımlı Toplum tv-yə bildirib ki, Azərbaycan klassik şərq despotik avtoritar ölkələrin yolu ilə gedir. Bu da Norveçin dəyərləri ilə  üst-üstə düşmədiyindən b ölkə belə bir qərar verib: "Norveçə  Azərbaycan nefti lazım deyil. Bu ölkənin "Əsrin müqaviləsi"ndə  payı var idi, daha sonra öz payını Malaziya şirkətinə satdı. Buna ehtiyacları olsa idi,  Azərbaycan  bazarından  çıxmazdılar. Norveç hansısa bir geopolitik, neft maraqlarını güdən ölkə deyil, sadəcə, Azərbaycan strateji baxımından əlverişli bölgədə yerləşdiyi üçün Bakıda Norveç səfirliyi açılmışdı. Hazırda isə region ölkələr ilə  müqayisədə Azərbaycan başqa bir istiqamətdə  inkişafını  qurub”.  

Politoloq hesab edir ki, Gürcüstan Avrotlantik məkana inteqrasiya edir və parlamentalizmin inkişafı, demokratik ənənələrin yaradılması nöteyi-nəzərdən bizdən irəlidədir: "Gürcüstan, Ermənistan parlamentar respublika qurub, azad, demokratik seçkilər keçirir. Azərbaycan isə həm demokratik institutların inkişafı,  həm seçki, həm də insan haqlarının hazırki vəziyyəti baxımından bölgənin ən geridə  qalmış ölkəsidir. Bu baxımdan, səfirliyin bağlanması istər Qarabağ münaqişəsinin həllində, istərsə də digər beynəlxalq məsələlərdə ölkənin mənfi imicini formalaşdırır”.

Yeni Azərbaycan Partiyasının funksioneri, deputat Aydın Mirzəzadə isə deyib ki, Steynar Gilin bəyanatının heç bir əsası yoxdur: " Azərbaycan Avropa Birliyinə inteqrasiyasında həmişə yüksək qiymət alıb. Hesab edirəm ki, Steynar diplomatik etik qaydaları pozur. Keçmiş səfir Azərbaycanda olanda da diplomatiyanı gözləməkdə maraqlı deyildi, açıq şəkildə siyasi müxalifəti dəstəkləyib, Azərbaycanın daxili işlərinə  qarışan bəyanatlar verirdi. Bu cür fikirlər səsləndirməsində heç bir məna yükü yoxdur. Gil bir fikrində haqlıdır ki, onun Azərbaycanın daxili işlərinə qarışmasına imkan verilmirdi”. 

Deputat qeyd edib ki, Norveçin Bakıda səfirliyi olduğu müddətdə Ermənistanda nümayəndəlik kimi qeydə alınmırdı: "Ümumiyyətlə, xarici ölkə səfirləri Azərbaycanda bir müddət səfir olduqdan sonra həyatının böyük hissəsini ancaq ölkəmizi tənqid etməklə keçirirlər. Səfirliyin bağlanmasında başqa bir sətiraltı məna isə Gürcüstanda açılacaq Norveç səfirliyinin Ermənistanda da nümayəndəliyi olmasıdı. Onun bəyanatlarının heç bir əsası yoxdur və Azərbaycan Bakıda Norveç səfirliyi olmadan da yaşaya bilər”.  

Nəzrin Bədəlli
Toplum.Tv