17:28, 24 Sentyabr 2018 (Bazar ertəsi) 586

Azərbaycan QİÇS-lə necə mübarizə aparır?

Azərbaycan  QİÇS-lə necə mübarizə aparır?
 İnsanları qorxudan, təhlükəli sayılan bir çox xəstəliklər var. 

Hansı ki belə xəstəliklər kifayət qədər özünümüdafiə etmədikdə, gigiyenik təmizliyə fikir vermədikdə yarana bilir. 

Belə təhlükəli və günü-gündən daha çox yayılan xəstəliklərdən biri də QİÇSdir.

İİV və QİÇSə yoluxanların sayı hər il artmaqda davam edir. Son illərin statistikasına nəzər salsaq, bunu əyani şəkildə görmüş olarıq:
- 2016-cı ildə İİV üzrə ilk dəfə qeydə alınanların sayı 541, QİÇS üzrə 159; 
- 2017-ci ildə İİV üzrə ilk dəfə qeydə alınanların sayı 559, QİÇS üzrə isə 166-dir.

Müalicə müəssisələrində qeydiyyatda olanların ümumi sayına görə 2016-cı ildə İİV üzrə 5979, 2017-ci ildə 6538 nəfər olub. 

Onlardan QİÇS ilə 2016-da 1841 nəfər, 2017-də isə  2007 nəfər təşkil edib.

 Son illər ərzində Azərbaycana müxtəlif ölkələrdən, xüsusilə ərəb ölkələrindən daha çox insanlar da axın etməyə başlayıb. Bu axının turizm sektoruna müsbət təsirlərinin olduğu deyilsə də, mənfi amillərin qaçılmaz olduğu da aydın məsələdir. 

Bir neçə gün öncə ərəb blogerinin yaydığı video reportajda turistlərin Azərbaycanda keçirdiyi həyat tərzi göstərilir.  Bloger Ali Əthabın yaydığı məlumata görə, 8000 ərəb Bakıda QİÇS-ə yoluxub. 

KİV-də səs-səda yaratmış bu xəbər Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Esmira Alməmmədova tərəfindən təkzib edilib.
 
 

Səhiyyə Nazirliyi Mətbuat Xidməti 2018-ci il yanvarın 1-dən avqustun 31-dək nikahdan öncə müayinədən keçənlərdə aşkar olunan xəstəliklərlə bağlı məlumatları açıqlayıb.

2018-ci il yanvarın 1-dən avqustun 31-dək nikahdan öncə 93 min 138 nəfər tibbi müayinədən keçib.

Nazirliyin məlumatına görə, 93 min 138 nəfərdən 2 min 773 nəfərdə talassemiya daşıyıcılığı aşkar olunub.

Nikahdan əvvəl 242 nəfərdə də sifilis xəstəliyi tapılıb. 8 ayda nikaha girmək istəyənlərdən 105 nəfərində isə HİV1/2 (QİÇS) xəstəliyinin qeydə alındıgı bildirilir.

Nazirlik 2015-ci ilin iyun ayından bəri 457 min 422 nikaha daxil olan şəxsin müayinədən keçdiyini qeyd edir. Onlardan 16 min 847 nəfərdə talassemiya, 1575 nəfərdə siflis, 387 nəfərdə isə HİV1/2 (QİÇS) aşkar edildiyi bildirilir.

QİÇS-ə qarşı necə mübarizə aparmaq olar? Bu xəstəliyin yayılmasını necə azaltmaq olar?

Məsələ ilə bağlı Toplum TV "Rasional İnkişaf Uğrunda" Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl Toplum Tv-yə bildirir ki, bu tədbirin böyük hissəsini maarifləndirmə üsulları təşkil edir: "Azərbaycanda QİÇS-lə bağlı olan vəziyyət təəssüf ki, çox xoşagəlməz bir duruma gəlib çatıb. Xəstəlik yayılmaqdadır və xəstələrin sayı artır. Bu rəqəmlər bizi də çox narahat edir. Hesab edirəm ki, artıq bütün qurumların və tərəflərin bu məsələyə birmənalı yanaşmasının vaxtıdır. 
 

Məsələ burasındadır ki,  QİÇS-ə qarşı mübarizə əslində çoxtərəfli və böyük tədbirlər planını özündə əhatə edən  fəaliyyət və böyük bir paketi cəmləşdirməlidir. Və onun ən böyük hissəsi təbii ki, maarifləndirməyə düşür. Çünki, insanlarla ünsiyyət, insanlarla bilavasitə təmas və müxtəlif səviyyələrdə onları maarifləndirmək, məktəblərdə mümkün qədər erkən yaşlardan məlumatların verilməsi nəyinki QİÇS-in, hətta digər qanla və cinsi yolla keçən xəstəliklərin qarşısını almaqda ən böyük rol oynayan mühüm tədbirlərdən biridir".

Şəhla İsmayıl hesab edir ki,  QİÇS-lə bağlı mübarizə Azərbaycanda dəhşətli bir mənzərə almadan öncə bunun preventiv tədbirlərinin aparılması həm dövlət üçün daha əlçatan və daha az xərclə başa gələn bir paket olacaq. 

Onun sözlərinə görə, bu tədbirlər insanların həyatını aparmadan və ölkəyə hər bir mənada böyük bir ziyan vurmadan ən uğurlu seçim olacaq.

Şəhla İsmayıl QİÇS-lə mübarizədə Vətəndaş Cəmiyyətinin vacib rol oynadığını vurğulayıb: "Təkrar qeyd etmək istəyirəm ki, bu işdə bütün tərəflər səfərbər olunmalıdır. Çox arzuolunandır ki, bu məsələdə Vətəndaş Cəmiyyətinin də rolu unudulmasın. Vətəndaş Cəmiyyəti təşkilatları illərlə QİÇSə qarşı mübarizədə çox böyük rol oynamışdı. Və səhiyyə mövzusunda çalışan təşkilatlarının illərboyu bu mövzuda olan layihələri, onların müəyyən maarifləndirmə proqramları ilə bəlkə də, daha faciəvi rəqəmlərin qarşısının alınmasının hazırda əyani nəticəsidir".

Şəhla İsmayıl bildirir ki, təkcə maarifləndirməyə yönəlik üsullarla yetərlənmək olmaz. 

O düşünür ki, beynəlxalq təcrübələrin, uğurlu layihələrin  də ölkəyə gətirilməsi zəruridir: "Düşünürəm ki, eyni zamanda ən xoş, ən lazımlı olan beynəlxalq təcrübələr, ən uğurlu praktikalar ölkəyə gətirilsin. Bununla bağlı artıq çox mütərəqqi layihələr və proqramlar var və Azərbaycan bunlardan mütləq bəhrələnməlidir. Təbii ki, bu təkcə hökumətin bacardığı iş deyil. Dünyanın inkişaf edən hər bir yerində olduğu kimi mütləq burada medianın, vətəndaş cəmiyyətinin və digər buna maraqlı tərəflərin töhvəsi olmalıdır".

Hansı beynəlxalq layihələri Azərbaycana tətbiq etmək olar?
 
 "...bu layihələri cəmiyyətə təqdim etmək şüurun ali bir formasıdır”

Şəhla İsmayıl Toplum TV-yə dünyanın aparıcı layihə və praktikalardan da danışıb: "Ümumiyyətlə, QİÇS-lə mübarizə layihələri hər zaman daha çox maarifləndirməyə istiqamətlənmiş layihələrdir. Bu, dövlət qurumları tərəfindən, eyni zamanda beynəlxalq təşkilatlar və yerli qeyri hökumət təşkilatları tərəfindən də təşəbbüs edilən layihələrin böyük əksəriyyətində məhz maarifləndirmənin müxtəlif üsullarla insanlara çatdırılması imkanlarıdır. Bunlarla da bağlı mütərəqqi üsullar tərtib olunub. Belə ki, müxtəlif yaşlar üçün telefon üçün nəzərdə tutulan xüsusi proqramlar tərtib olunub. Bu proqramlar oyun formasında olan  sual-cavablardır. Həmin o suallardan keçən və maraqlı oyunu oynayan insanların hər biri qeyri-ixtiyari bütün aparıcı mesajları və insanlara lazımi məlumatları özündə cəmləşdirə və mənimsəyə bilirlər. Bu, çox rahat mənimsənən bir formadır. Müxtəlif yaş qrupları üçün münasib növləri var ki, hesab edirəm, artıq bu proqramlar hər bir yeniyetmə, gənc yaşda olan insanların  telefonlarında mütləq olmalıdır".

Steorotiplərin qırılması prinsipləri...

Şəhla İsmayıl ikinci məqam kimi steorotiplərin qarşısını almaq məsələsini qeyd edib: "Digər məqam, steorotiplərlə bağlı olan layihələrdir ki, bu da çox önəmli məqamdır. Baxmayaraq ki, bu xəstəliklərin hər biri, o cümlədən QİÇS çox ciddi xəstəlikdir yəni insan həyatını bilavasitə təhlükəyə atan  bir xəstəlikdir. Amma buna rəğmən insanlarda bu xəstəliklə bağlı çox yanlış anlayışlar var. Artıq QİÇS-ə yoluxanların bir stiqmaya uğraması dillərə əzbər bir hadisədir. Məhz həmin steorotiplərin qarşısını almaq üçün və cəmiyyətdə bu xəstəliyə qarşı münasibəti dəyişmək üçün yenə də bir sıra kökündə maarifləndirmə duran layihələr var ki, onları cəmiyyətə təqdim etmək artıq şüurun ali bir formasıdır".

Ş. İsmayıl deyir ki, əslində, maarifləndirmə çox sadə üsul səslənsə də, nəyinki QİÇS və bütün xəstəliklər, ümumiyyətlə bütün sosial problemlərin kökündə maarifləndirmə kimi üsul dayanmalıdır. "Bu halda biz hansısa əldə olunan nəticələri qabarıq şəkildə görə bilərik".

"Belə uğurlu layihələrə təbii ki, təkcə maarifləndirməyə istiqamətlənmiş layihələr aid deyil. Həmçinin, diaqnostika ilə bağlı daha mükəmməl layihələr işlənib. Məsələn, laboratur analizlərinin daha əlçatımlı olan üsulları var". - o, sonuncu vacib məqamı vurğulayıb.

O qeyd edib ki, beynəlxalq praktikada olan mütərrəqqi ideyaların, uğurlu layihələrin mövcudluğundan dəyərləndirmə ehtimalına görə Azərbaycan əlverişli şəraitdədir və bundan mütləq yararlanmaq lazımdır: "Yəni dünya artıq QİÇS-lə bağlı mübarizədə, diaqnostikasında və bunun qarşısının alınmasında xeyli irəliləyib. Təbii ki, ölkələrin əksəriyyətində QİÇS say statistikasına görə, yayılma formasında daha təhlükəli şəkil alıb. Hesab edirəm ki, biz həmin ölkələrə nisbətən daha əlverişli şəraitdəyik".

Həkim Vasif İsmayıl Toplum TV-yə bildirdiyinə görə hazırda narkomaniya ilə mübarizə aparmaq daha aktual olmalıdır: "QIÇS məsələsində xeyli yol alınıb. İndi dərmanları var. Dövlət pulsuz verir. Özü də kifayət qədər effektivdirlər. Müalicə olunanlar arasında ölüm çox azaldı. Normal yaşayan çox QİÇS xəstəsi görmüşəm”.
 
 

Vasif İsmayıl xəstəliyin artmasında daha çox narkomaniyanın rol oynadığını vurğulayıb: "Narkomaniya burada əsasdır. Amma çox təəssüf ki, bəzən həqiqətən də, axmaq hadisələrlə qarşılaşırıq”.

Samirə Əliyeva
Toplum.Tv