15:30, 21 Sentyabr 2018 (Cümə) 173

"Azərbaycanda vətəndaş cəmiyyəti əzilməkdədir" - HRW

Human Rights Watch insan haqları təşkilatı BMT-nin İnsan Haqları Şurasının Azərbaycana dair Universal Periodik İcmalı qəbul etməsini alqışlayır. Qurum qeyd edir ki, hökumət bir sıra sahələr üzrə saysız tövsiyələri qəbul edib. Buraya Davamlı İnkişaf Məqsədləri, insan haqları üzrə maarifləndirmənin, bərabərliyin təbliği də daxildir. Hökumət söz və birləşmə azadlığı üzrə tövsiyələri də qəbul edib.

Ancaq qurum hökumətin bir sıra tövsiyələri əlavə araşdırmaya yönəltməsini məyusedici adlandırır. Bu tövsiyələr LGBT-nin ayrıseçkilikdən qorunması, qeyri-hökumət təşkilatlarının qeydiyyatı və maliyyələşdirilməsinə məhdudlaşdırıcı qaydalarda islahatlar, defamasiya qanunun dəyişdirilməsinə aiddir.

Human Rights Watch qeyd edir ki, hökumətin rədd etdiyi bəzi tövsiyələr siyasi motivli təqiblərlə əlaqədardır və bu, təəccüblü olmasa da, məyusluq yaradır.

Təşkilat Azərbaycanda hökumət tənqidçilərinin saxta ittihamlarla saxlandığını vurğulayır. Jurnalist Əfqan Muxtarlı, siyasətçi İlqar Məmmədova qarşı cinayət işləri sadalanır.

"Azərbaycan hökuməti qanuni fəaliyyətinə görə saxlanmış xeyli bloqqeri, siyasi fəalı, digər tənqidçilərini dərhal buraxmalıdır. Vəkillərə hökumətin müdaxiləsi olmadan işləməyə icazə verilməlidir. QHT-lər barədə qanunlar, onların maliyyə mənbələrinə çıxışı dəyişdirilməlidir, Avropa Şurası Venesiya Komissiyasının tövsiyələri nəzərə alınmalıdır”, – Human Rights Watch vurğulayır.

Amnesty International təşkilatı da Azərbaycana oxşar çağırış edib.

"Azərbaycanda hökumət tənqidçilərinin və digər narazıların siyasi motivli təqibi və həbsi Amnesty International təşkilatını uzun illərdir narahat edir. Hazırda Azərbaycan həbsxanalarına 100-dən artıq siyasi təqib qurbanı var. Bu səbəbdən Amnesty International Azərbaycanın bütün siyasi motivli təqibləri dayandırmaq, ifadə, sərbəst toplaşma və birləşmə azadlıqlarından istifadə etdiklərinə görə həbs olunanların hamısını buraxmağa dair tövsiyələri rədd etməsindən dərin təəssüf hissi keçirir”, – qurumun yaydığı bəyanatda deyilir.

Azərbaycan hakimiyyəti ölkədə siyasi motivlərlə təqiblərin olmadığını, fərdlərin konkret cinayətlərə görə cəza çəkdiyini bildirir. Beynəlxalq qurumların tənqidləri isə ölkəyə qarşı xarici qüvvələrin "şantaj kampaniyası” kimi dəyərləndirilir.