19:55, 13 Noyabr 2018 (Çərşənbə axşamı) 176

Bakıda Slovakiya səfirliyi açılacaq

Bakıda Slovakiya səfirliyi açılacaq
Noyabrın 13-də Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib. 

İqtisadiyyat Nazirliyinin məlumatına görə, foruma Azərbaycan və Slovakiya rəsmiləri ilə yanaşı, müxtəlif sahələrdə fəaliyyət göstərən 200-ə yaxın şirkətin nümayəndələri qatılıb.
 
"Azadlıq Radiosu"-nun xəbərinə görə, Slovakiyanın baş naziri Peter Pellegrini öz çıxışında əlaqələrin inkişafının vacibliyini vurğulayıb. O, deyib ki, yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması və birgə Hökumətlərarası Komissiyanın yaradılması nəzərdə tutulur.

Forumda çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev deyib ki, Azərbaycan Avropa İttifaqı (Aİ) ölkələri, o cümlədən Slovakiya ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Avropa İttifaqının Azərbaycanın əsas xarici ticarət tərəfdaşı olduğunu deyən nazir bildirib ki, 2017-ci ildə bu quruma daxil olan 30-a yaxın ölkənin Azərbaycanın ticarət dövriyyəsində payı 42 faiz (9,4 milyard dollar) təşkil edib. Bu göstərici 2018-ci ilin 9 ayında 26 faiz artaraq 9 milyard dollardan çox olub.

Nazir Azərbaycan və Slovakiya arasında ticarət dövriyyəsinin bu ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 33 faiz artdığını da qeyd edib. Onun sözlərinə görə, hazırda Azərbaycanda xidmət, ticarət, tikinti, nəqliyyat və başqa sahələrdə Slovakiya sərmayəli 11 şirkət fəaliyyət göstərir.

Forumda Slovakiya iş adamlarının fəaliyyətləri barədə məlumat verdiyi, iş adamları arasında ikitərəfli görüşlərin keçirildiyi bildirilir.

Slovakiyanın baş naziri Peter Pellegrini noyabrın 12-də Azərbaycana gəlib. O, noyabrın 13-də Azərbaycanda bir sıra görüşlər keçirib.