20:30, 15 Noyabr 2018 (Cümə axşamı) 896

BDU-nun rektoru kim olsun? - SORĞU

BDU-nun rektoru kim olsun? - SORĞU
Abel Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib.

Prezident İlham Əliyev Abel Məhərrəmovun Bakı Dövlət Universitetinin (BDU) rektoru vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamdan sonra sosial şəbəkələrdə yarızarafat- yarıgerçək istifadəçilər BDU-nun rektor postuna görmək istədikləri namizədlərin adlarını yazıblar.

Bəs BDU-ya yeni rektor kim təyin edilsə yaxşı olar?

Mövzuyla bağlı Toplum.tv ictimai şəxslər arasında sorğu keçirib.

Təhsil adamı Nabatəli Qulamoğlu deyir ki, bu suala birmənalı cavab verə bilməz: "Mənim nəzərdə tutduğum namizədi hökumət dəstəkləməz. Mən orada proffessor Elmira Muradəliyevanı rektor görürəm. Yüksək savada və sağlam əqidəyə malikdir. Amma bu hökumət onu Yusif Sərracın gününə salar”.

İqtisadçı, eləcə də elm adamı Qubad İbadoğlu bildirir ki, yeni rektor prinsipial şəxs olmalıdır: "Təhsilin idarəedilməsi sahəsində təcrübəsi olan, müasir təhsil sisteminə bələd olan orta yaşlı, dürüst, korrupsiyaya qarşı mübrizədə prinsipiallıq göstərən elm adamıola bilər. Hazırda rektor Pedoqoji Universitetin, İqtisad Universitetinin, Neft Sənaye universitetinin rektorlarından birini göndərmək olar”.

Hüquqşünas Xalid Ağəli isə deyir ki, elə ən doğru seçim Abel müəllim idi: "İndiki mühitdə Elon Musk-ı da gətirib BDU-ya rektor qoysanız, heç nə dəyişməyəcək. Mühit dəyişməlidir, mühit dəyişməz qaldıqca, fərdlər Vəkillər Kollegiyası nümunəsində olduğu kimi zahiri bər-bəzəkdən savayı heç bir yenilik gətirməyəcək”.

BDU-nun yetirməsi, jurnalist Seymur Kazimovun fikrində isə namizəd yoxdur: "Onu bilirəm ki, alim olmalı deyil. Menecment bacarığı olan kimsə olsa yaxşı olar”.

Təhsil işçisi Kamran Əsədov düşünür ki, rektor postuna namizəd Nərgiz Paşayeva ola bilər: "Çünki o qısa müddətdə rəhbəri olduğu universitetdə böyük işlər görüb. Bundan əlavə, təhsildə böyük nüfuza malikdir. İdarəetmə bacarığı yüksək səviyyədədir”.

Yazar, 525-ci qəzetin baş redaktoru Rəşad Məcid də Nərgiz Paşayevanı Bakı Dövlət Universitetinin rektoru kimi görmək istəyir.

Nəzrin Bədəlli