10:48, 16 Noyabr 2018 (Cümə) 233

Bu il 2 minə yaxın azərbaycanlı Almaniyadan sığınacaq istəyib

Bu il 2 minə yaxın azərbaycanlı Almaniyadan sığınacaq istəyib
2018-ci ilin ilk 10 ayında, Azərbaycandan 1997 nəfər qaçqın statusu almaq üçün Almaniyaya müraciət edib. Almaniyanın Miqrasiya İdarəsinin məlumatına görə, bu rəqəm 2016 -cı illə müqayisədə iki dəfədən daha azdır.

Status üçün müraciət edənlərdən 1526 nəfəri ilk dəfə, digərləri isə ikinci dəfə müraciət edənlərdir. Sığınacaq üçün müraciət edənlərdən cəmi 179 nəfərinə qaçqın statusu verilib. Bu müddət ərzində 1449 nəfər azərbaycanlı haqqında Dublin sazişinə əsasən başqa ölkəyə getmək və ya Azərbaycana qayıtmaq haqqında qərar qəbul edilib.

Təkcə bu ilin iyulunda Almaniyadan sığınacaq istəyən 51 azərbaycanlı Azərbaycana deportasiya edilib.

Məlumatı Almaniyada fəaliyyət göstərən "Legat” inteqrasiya mərkəzi yayıb. Bildirilib ki, deportasiya edilənlərin şəxsiyyətləri son bir həftə ərzində "Readmissiya haqqında” sazişə əsasən müəyyən edilib. Çarter reysi ilə Azərbaycana göndərilənlər Almaniyanın Bamberq, Waldsassen, Üiesburq, Kürten ( Bergisch Gladbach), Hoff, Rhede, Bocholt və digər şəhərlərində yaşayanlar olub.

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Realtv.az-a deportasiya barədə informasiyanı təsdiqləyib.

V.Hüseynov deyib ki, Bakıya təyyarə ilə 32 nəfər yola salınıb və deportasiya edilən şəxslərin hamısı readmissiyaya qəbul ediliblər:

"Deportasiya olunanları hava limanında Dövlət Miqrasiya Xidmətinin əməkdaşları qarşılayıblar. Onlarla müvafiq sənədləşmə işləri aparıldıqdan sonra hamısı ailələrinin yanına göndəriliblər”.

Demokratik Azərbaycanı Seç (DAS) təşkilatı isə ötən ay Almaniyanın Nürnberq şəhərində Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsi - (BAMF) Mərkəzi Binasının qarşısında Azərbaycandan olan mühacirlərə pis münasibətə etiraz olaraq aksiya keçirib. 

Meydan Tv