14:13, 07 Yanvar 2019 (Bazar ertəsi) 461

Cəbhəçilər məhkəmə qarşısından aparılıb

Cəbhəçilər məhkəmə qarşısından aparılıb
AXCP Rəyasət Heyətinin üzvləri Vahid Məhərrəmli, Nemət Əliyev və partiyanın daha bir neçə sıravi üzvü Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında tutularaq aparılıb.

Bu gün, yanvarın 7-i həmin məhkəmədə Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmli, qardaşı oğlu Vidadi Rüstəmli, AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov, partiyanın Gənclər Komitəsinin Məclis sədri Ruslan Nəsirli və Nərimanov şöbəsinin sədri Babək Həsənovun məhkəməsi başlayıb. Saxlanılan şəxslər də məhkəmədə iştirak etmək üçün gəliblər. Lakin prosesi izləməyə gələnlərin əksəriyyəti zala daxil ola bilməyib.

Məhkəmə getdiyi vaxt əraziyə çoxsaylı polis maşınları gəlib. Nəsimi rayonu, 22-ci polis bölməsinin rəis müavini məhkəmənin nəticəsini gözləyənlərdən dağılışmağı tələb edib.

Məhkəmə binasının qarşısındakı bağda dayanan ictimai-siyasi fəallar getmək istəmədiyindən polislər onlara hücum edib.

AXCP Rəyasət Heyətinin üzvü A.Məhərrəmli, Gənclər Komitəsi Məclisinin sədri R.Nəsirli və Nərimanov şöbəsinin sədri B.Həsənov mayın 25-də saxlanıblar. Cəbhəçilərlə eyni cinayət işi üzrə təqsirləndirilən Gədəbəy rayonunun keçmiş icra başçısı S.Rüstəmli isə daha əvvəl həbs edilmişdi.

Onlarin saxlanılması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) birgə məlumat da yayıb. Həmin açıqlamaya görə, AXCP funksionerləri və S.Rüstəmli çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar. Açıqlamada S.Rüstəmlinin Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş cəbhəçilərin həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdıqları bildirilir. İddialarda söhbət toplam 412 min dollardan (700 min manat) gedir. Onlar haqqında Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və sair maddələriylə cinayət işi başlanıb. İttihamlar sübut edilərsə, onlara 12 ilə qədər həbs cəzası verilə bilər.

AXCP sədri Əli Kərimli ittihamı rədd edərək qurama iş adlandırıb.

Azadlıq Radiosu