10:32, 16 Noyabr 2018 (Cümə) 193

Deputatlara qadağalar ikinci oxunuşdan keçib

Deputatlara qadağalar ikinci oxunuşdan keçib
Milli Məclis deputatının etik davranış qaydalarına dəyişiklik ikinci oxunuşda qəbul edilib. Parlamentin 15 noyabr iclasında səsvermədən keçən yeniliyə görə, deputat xidməti vəzifələrinin icrası ilə əlaqədar hər hansı fiziki və ya hüquqi şəxsdən ümumi məbləği 55 manatdan yuxarı olan hədiyyə qəbul edə bilməz, habelə bu cür hədiyyəni xidməti vəzifələrinin icrası ilə əlaqədar hər hansı fiziki və ya hüquqi şəxsə təklif edə bilməz.

Qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklifi hallarında deputat onlardan imtina etməlidir. Maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər deputata ondan asılı olmayan səbəblərdən verilərsə, o, Milli Məclisin intizam komissiyasına məlumat verməli və 55 manatdan baha hədiyyələri Milli Məclisin Aparatına akt üzrə təhvil verməlidir.

Deputat səlahiyyət müddətində maraqlar toqquşmasına yol verməməli, öz səlahiyyətlərindən maraqları üçün istifadə etməməli, maraqlarının onun deputatlıq fəaliyyətinə təsir göstərməsinə şərait yaratmamalı, həmçinin səlahiyyət müddətində deputatlıq səlahiyyəti müddətindən sonrakı dövrlərdə digər sahədəki fəaliyyətinə dəstək yaratmaq məqsədi ilə hər hansı bir hərəkət (hərəkətsizlik) etməməlidir.

Xidməti vəzifələrinin icrası ilə maraqları arasında ziddiyyət yarana biləcəyi hallarda deputat Milli Məclisin intizam komissiyasına məlumat verməli və intizam komissiyasının rəyini öyrənməlidir. Deputat onun marağının yarandığı məsələ ilə bağlı çıxış edə və ya səsvermədə iştirak edə bilməz. İntizam komissiyasının maraqlar toqquşması barədə rəyi Milli Məclisin rəsmi internet səhifəsində dərc edilir.

Deputat Milli Məclisin, onun komitə və komissiyasının iclası və ya ictimai müzakirə zamanı çıxışından əvvəl müzakirə edilən məsələ ilə bağlı yarana biləcək marağını açıqlamalı, bu barədə iclas sədrinə şifahi formada məlumat verməlidir. Deputatın maraqlar toqquşması ilə bağlı açıqlaması Milli Məclisin iclaslarının stenoqramına daxil edilir və Milli Məclisin internet səhifəsində dərc edilir.

Deputat norma yaratma prosesində hər hansı maraqlı tərəf, o cümlədən vətəndaş cəmiyyəti nümayəndələri və ya digər şəxslərlə keçirdiyi görüşü, həmin görüşün mövzusunu və bununla bağlı onun göstərdiyi dəstək barədə məlumatları ictimaiyyətə açıqlamalıdır. Bu məlumatlar protokollaşdırılaraq Milli Məclisin Aparatında saxlanır. Belə görüşlər zamanı təqdim olunmuş rəy və təkliflər Milli Məclisin rəsmi internet səhifəsində dərc edilir.

Maraqlar toqquşması dedikdə deputatın səlahiyyətlərinin icrası çərçivəsində özünün və yaxın qohumlarının əldə edə biləcəyi maddi və sair nemətlər, imtiyazlar və güzəştlər, habelə onun mənafeyinə toxunan, yaxud toxuna bilən digər maraqlarının həmin deputatın səlahiyyətlərinin obyektiv və qərəzsiz icrasına təsir göstərdiyi və ya göstərə biləcəyi vəziyyət başa düşülür.

15 noyabr iclasında parlamentin daxili nizamnaməsinə dəyişikliklər də ikinci oxunuşda qəbul edilib. Əsas yeniliyə əsasən, deputat dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla); səsvermə hüququnu şəxsən həyata keçirmədikdə; qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda Milli Məclisin sədri həmin deputat haqqında məsələni intizam komissiyasına göndərir. İntizam komissiyası bu məsələyə mandatından məhrum edilməsi nəzərdə tutulan deputatın iştirakı ilə iki həftə müddətində baxıb müvafiq rəy qəbul edərək Milli Məclisin sədrinə təqdim edir. Pozuntu halları rəydə öz təsdiqini tapdıqda Milli Məclisin sədri intizam komissiyasının həmin deputatın mandatdan məhrum edilməsi barədə rəyini Mərkəzi Seçki Komissiyasına göndərir.

Milli Məclisin deputatı parlamentin iclasında mandatından imtina etdikdə və həmin imtina iclasın stenoqramına daxil edildikdə imtinasını geri götürə bilməz.

Milli Məclisin sədri əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi və ya fəaliyyət qabiliyyətsizliyi səbəbindən səlahiyyətləri itirilən deputat barəsində tibbi-sosial ekspert komissiyasının rəyini və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarını Milli Məclisin növbəti iclasında müzakirəyə təqdim edir. İclasda iştirak edən deputatlar yalnız deputatın səlahiyyətlərinin itirilməsi üçün yetərli əsasların olub-olmamasını aydınlaşdıra bilər, deputatın səlahiyyətlərinin itirilməsinin lehinə və ya əleyhinə çıxış edə bilərlər. Öz səlahiyyətlərini daimi icra edə bilməyən Milli Məclisin deputatının səlahiyyətlərinin itirilməsi barədə Milli Məclisin qərarı azı 63 səs çoxluğu ilə qəbul edilir.