17:09, 20 Sentyabr 2018 (Cümə axşamı) 180

Energetika naziri OPEK-in toplantısına qatılacaq

Energetika naziri OPEK-in toplantısına qatılacaq
Energetika naziri Pərviz Şahbazov Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) monitorinq komitəsinin növbəti toplantısında iştirak edəcək.

Bu haqda nazirlik məlumat yayıb.

OPEC-ə üzv olan və kartelə daxil olmayan neft hasil edən ölkələrin toplantısı sentyabrın 23-də Əlcəzairdə başlamalıdır.

Toplantıda bazarın inkişaf tendensiyalarına dair məlumatlar, 2018-ci ilin avqust ayı ərzində neft hasilatı ilə bağlı Birgə Texniki Komissiyanın təqdimatı və OPEC-in hesabatı müzakirə ediləcək.

OPEC və qeyri-OPEC ölkələri nazirləri neft hasilatının sutkada 1 milyon barrel artırılması ilə bağlı iyunun 23-də qəbul edilmiş qərara uyğun olaraq, kvotaların müəyyənləşdirilməsi məsələsinə də baxacaqlar.

Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) monitorinq komitəsi Rusiya, Səudiyyə Ərəbistanı, Küveyt, Venesuela, Əlcəzair və Omanın iştirakı ilə yaradılıb. Komitənin iclası iki aydan bir keçirilir.

2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1.2 milyon barrel azaldılaraq 32.5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb.

Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) 1960-cı ildə yaranıb. Təşkilatın 10-dan çox üzvü var.