15:12, 24 Sentyabr 2018 (Bazar ertəsi) 155

Ermənistanda seçkinin ilkin nəticələri təsdiqlənib

Ermənistanda seçkinin ilkin nəticələri təsdiqlənib
Ermənistanın Mərkəzi Seçki Komissiyası Yerevan Şəhər Şurasına sentyabrın 23-də keçirilmiş seçkinin ilkin nəticələrini təsdiqləyib. 

Rəsmi sənədə görə, səsverməyə 370 min 365 seçici qatılıb, 7517 bülleten etibarsız sayılıb.

Paytaxt məclisinə üç qüvvənin düşdüyü bildirilir. Baş nazir Nikol Paşinyanın dəstəklədiyi "Mənim addımım” bloku 294 min 109 səs, Çiçəklənən Ermənistan Partiyası 25 min 219 səs, İşıq bloku 18 min 112 səslə mandat almaq hüququ qazanıblar.

Proporsional üsulla seçilən 65 yerlik Şəhər Şurasında mandatların yarıdan çoxunu əldə etdiyi üçün "Mənim addımım” blokunun namizədlərinin siyahısında birinci olan Ayk Marutyan Yerevan meri postunu tutacaq.

Yekun nəticələr sentyabrın 30-da açıqlanmalıdır.

Ayk Marutyan 1976-cı ildə Yerevanda doğulub. Dövlət Mühəndislik Universitetini bitirib. Aktyor, ssenarist, prodüserdir.

Baş nazir Nikol Paşinyan seçkinin nəticələrini Nyu-Yorkda erməni icmasının nümayəndələri ilə görüşdə şərh edib. O deyib ki, Yerevan Şəhər Şurasına seçkinin nəticələri növbədənkənar parlament seçkisini ən yaxın müddətdə keçirmək zərurətini ortaya qoyur.

Nikol Paşinyan baş nazir postuna mayın 8-də gətirilib. Əvvəlki çıxışlarında o, növbədənkənar parlament seçkisini 2019-cu ilin yazında keçirməyə çağırırdı.

Ermənistanda son parlament seçkisi 2017-ci ilin yazında olub. Nikol Paşinyan və müttəfiqlərinin yaratdığı "Çıxış” bloku 105 yerlik parlamentdə 9 mandata sahibdir.

Sabiq prezident Serj Sərkisyanın sədrlik etdiyi Ermənistan Respublika Partiyasının parlament fraksiyası 50 nəfərdən, Sarukyan bloku 31 nəfərdən, Daşnaksütun Partiyasının fraksiyası 7 nəfərdən ibarətdir. 8 deputat heç bir fraksiyaya qatılmır.
 
Novator.az