18:18, 25 Aprel 2019 (Cümə axşamı) 200

Çernobıl əlillərinə birdəfəlik yardım ayrılıb

Çernobıl əlillərinə birdəfəlik yardım ayrılıb
Çernobıl Atom Elektrik Stansiyasında (AES) baş verən qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar əlilliyi olan 500 nəfərə birdəfəlik maddi yardım ayrılıb.

Bu barədə aprelin 25-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Nazirlik qəzanın 33-cü ildönümü ilə bağlı verilən yardımın məbləğini açıqlamayıb.

Məlumatda bildirilir ki, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlil vətəndaşlar Azərbaycanda müharibədə əlil olan insanlara bərabər tutulurlar: «Onlar əlilliyə görə aylıq sosial müavinət və ya əmək pensiyası ilə yanaşı, Azərbaycan prezidentinin aylıq təqaüdü ilə təmin olunurlar… Prezidentin aylıq təqaüdü I dərəcə əlilliyi olanlara 250 manata, II dərəcə əlilliyi olanlara 230 manata, III dərəcə əlilliyi olanlara 210 manata (2019-cu ildən etibarən-red.) çatdırılıb».

Nazirlik qeyd edir ki, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi olanlardan I dərəcə əlillərə isə təqaüd 100 manat müəyyən edilib. Həmin təqaüdün aylıq sosial müavinət alanlarla birgə, əmək pensiyası alanlara da verilməsi nəzərdə tutulub: «Aylıq sosial müavinət I dərəcə əlilliyi olanlara 150 manata, II dərəcə əlilliyi olanlara 130 manata, III dərəcə əlilliyi olanlara da 110 manata çatdırılıb».

Eləcə də, I dərəcə əlilliyi olanlara qulluq edənlər üçün Prezidentin aylıq təqaüdü kimi 50 manat təqaüd təsis edilib.

1986-cı il aprelin 26-da Ukraynanın Çernobıl şəhərində Çernobıl Atom Elektrik Stansiyasında qəza baş verib. On minlərlə insan güclü radiasiyaya məruz qalıb, minlərlə insan ölüb. AES-in partlamış 4-cü enerji blokunun təhlükəsiz hala salınmasından ötrü keçirilən «Sarkofaq» əməliyyatında Azərbaycandan aparılan insanlar da iştirak ediblər.

1993-cü ildə «Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında» Azərbaycan Qanunu qəbul edilib. Son illər Azərbaycanda bir çox Çernobıl əlillərinin vaxtsız dünyadan köçdüyü bildirilir. Amma bununla bağlı dəqiq statistika verilmir.