13:50, 18 Oktyabr 2018 (Cümə axşamı) 339

Fəxri Xiyabanda gərginlik

Fəxri Xiyabanda gərginlik
"Oktyabrın 18-də Azərbaycanın Dövlət Müstəqilliyi günü münasibətilə Fəxri Xiyabanda eks-prezident Əbülfəz Elçibəyin məzarını ziyarətə polis icazə vermək istəmirdi". Bunu Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəli oğlu bildirib.

Onun sözlərinə görə, 30-a yaxın partiya üzvünün ziyarətinə icazə verməməyi polislər hansısa dövlət adamının Fəxri Xiyabana gələcəyi ilə izah ediblər: "Polislər bizə dedilər ki, onlara göstəriş verilib ki, Fəxri Xiyabana heç kəs buraxılmasın, kimsə gələcək. Biz də cavab verdik ki, saat 11-də biz ziyarətə gedəcəyik".

Partiya sədrinin sözlərinə görə, telefon məsləhətləşmələrindən sonra polislər ziyarətə mane olmadılar: "Ziyarət etdik, sonradan ziyarətə yubananlar olub, onları Fəxri Xiyabana buraxmayıblar. Partiya üzvümüz Aytəkin İmranlı isə polisə müqavimət adı ilə saxlaınlaraq 9 saylı polis bölməsinə aparılıb".

Partiya sədrinin müavini Xəzər Teyyub polis bölməsinin qarşısında olduqlarını deyərək, A.İmranovadan izahat alındığını deyib.

A.İmranovanın telefonu bağlı olduğu, polis bölməsindən isə zənglərə cavab verilmədiyi üçün münasibət öyrənmək mümkün olmayıb.
 
Turan