13:48, 08 Fevral 2019 (Cümə) 485

Həbsdəki jurnalistin şikayəti təmin edilib

Həbsdəki jurnalistin şikayəti təmin edilib
Fevralın 7-də Bakı Apelyasiya Məhkəməsi Realliq.info saytının həbsdə olan baş redaktoru İkram Rəhimovun xeyrinə qərar verib.

İkram Rəhimovu oktyabrın 26-da Dövlət Təhlükəsizliyi Xidməti həbs edib. O, Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci (qabaqcadan əlbir olan bir qrup  şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham olunur. Baş redaktor ittihamları rədd edir.

Jurnalistin vəkilləri onun həbsi ilə bağlı Səbail Rayon Məhkəməsinə şikayət ediblər. Ancaq məhkəmə nəzarət qaydasında verilmiş şikayəti geri qaytarıb.

Vəkillər rayon məhkəməsinin bu qərarının ləğv edilməsi, İkram Rəhimovun tutulmasının qanunsuzluğu ilə bağlı şikayətə mahiyyəti üzrə baxılması tələbi ilə apellyasiya instansiyana şikayət ediblər.

Həmin şikayətə fevralın 7-də Bakı Apellyasiya Məhkəməsində baxılıb. "Turan”ın məlumatına görə, İkram Rəhimovun özü də prosesdə iştirak edib. O, çıxış edib və deyib ki, rayon məhkəməsində şikayətinə mahiyyəti üzrə baxılmaması onun ədalətli məhkəmə araşdırması hüququnu pozur. Jurnalist məhkəmədən xahiş edib ki, şikayəti təmin edilsin.

Hakim Kamran Əkbərovun sədrlik etdiyi kollegiya şikayəti təmin edib. Apellyasiya məhkəməsinin 7 fevral qərarına əsasən, Səbail Rayon Məhkəməsi İkram Rəhimovun şikayətinə mahiyyəti üzrə baxmalıdır.

Novator.az