01:00, 09 Mart 2019 (Şənbə) 675

"Mənzil bazarında bahalaşma olacaq" - Ekspert

Ramil Osmanlı: "Dövlət büdcəsinə daxil olan vəsaiti artıracaq"

Fevralın 19-da prezident İlham Əliyev bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında fərman imzalayıb.

Fərmana görə, Fövqəladə Hallar Nazirliyi (FHN) 2 aya binanın istismara hazır olması ilə bağlı rəy hazırlayıb Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və ya yerli icra hakimiyyəti orqanına təqdim etməlidir. 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi isə bina standartlara cavab verirsə, 7 günə onun istismarına icazə verib bu barədə Tikintilərin Dövlət Reyestrinə və FHN-ə yazılı məlumat göndərməlidir.

Martın 5-də isə Nazirlər Kabineti çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazənin formasını təsdiqləyib.

Əmlak məsələri üzrə ekspert olan Ramil Osmanlı Toplum.Tv-yə fərmandan irəli gələn məsələləri şərh edib.
 
O deyib ki, bundan sonra vətəndaşlar artıq öz mənzillərindən, sadəcə, sığınacaq yeri kimi istifadə etməyəcəklər: "Hətta mənzillərini bağışlaya, girova qoya və ya alqı-satqı obyektinə çevirə bilərlər". 

"Mənzillərin hüquqi statusu dəyişəcək"

Ramil Osmanlı deyib ki, çoxmənzilli binaların istismara qəbul qaydalarının sadələşdirməsi ilə bağlı imzalanan fərmanda Bakı şəhərində, eyni zamanda regionlarda təqribən, 100 minə qədər mənzilin mülkiyyət sənədlərinin verilməsinə səbəb olacaq: 

"Həmin mənzillərin qeydiyyat problemlərinin həlli həm hüquqi baxımdan, həm də iqtisadi baxımdan çox səmərəli bir addımdır. Bunun hüquqi tərəfləri də ondan ibarətdir ki, bayaq dediyim kimi, vətəndaşlar artıq öz mənzillərindən təkcə sığınacaq yeri kimi istifadə etməyəcəklər. Yəni həmin mənzillərin hüquqi statusu dəyişəcək. Eyni zamanda, həmin mənzillər üzərində aparılan əməliyyatların rəsmi qeydiyyata alınması proseduru mümkün olacaq. İqtisadi tərəfləri isə ondan ibarətdir ki, bu mənzillərlə bağlı aparılan bütün əməliyyatların rəsmiləşdirilməsi dövlət büdcəsinə daxil olan vəsaiti artıracaq. Bu da təbii ki, iqtisadi baxımdan səmərəlidir". 

"Vətəndaşlarla MTK-lar arasında problemlər olmayacaq"

"Sözsüz ki, burada  həm də vətəndaşlar üçün iqtisadi cəhətdən səmərəli olan bir məqam var. Bu məqam odur ki, həmin mənzillərin idarə edilməsindəə problemlər yaranırdı. Məsələn, uzun zamandır ki, MTK ilə vətəndaşlar arasında yığılıb qalmış problemlər var idi. MTK-lar idarəetmədə vətəndaşlara müəyyən problemlər yaradırdılar. Onlardan həm mənzil alqı-satqısı zamanı əlavə pul alırdılar, həm də kommunal xərc formasında vətəndaşlardan pul yığılırdı. Bu kommunal xərclərlə bağlı yığılan pulun hara sərf olunması barədə heç bir məlumat verilmir. Vətəbdaşlar da mənzilinin qeydiyyatı olmadığına görə bu məsələdə MTK ilə mübarizədən çəkinirdilər. Artıq bu problemlər olmayacaq. Sadaladığım bu amillər bu fərmanın müsbət əhəmiyyətindən xəbər verən amillərdir". 

"Mənzil bazarında bahalaşma olacaq" 

Ekspert deyir ki, bu qərar mənzil bazarındakı qiymətlərə də təsir edəcək. 

Onun sözlərinə görə, mənzillərin qiymətində bahalaşma müşahidə olunacaq: "Bir qrup ekspertlər düşünürlər ki, bu proses mənzil bazarında qiymətləri ucuzlaşdıracaq, amma mən hesab edirəm ki, qiymət artımı müşahidə olunacaq. Bildiyiniz kimi, fərman çox qısa müddətli dövrü əhatə edir və bu o deməkdir ki, 2020-ci ilin yanvar ayınadək paytaxt Bakıda 100 minə qədər mənzil sənədləşəcək. Yəni bu qısa vaxt kəsimində sənədləri  verilmiş mənzillərin qiymətlərində artım olacaq. Sonrakı dövrlərdə isə tendensiya elə də diqqət çəkməyəcək. Çünki adətən, qiymətin kəskin artım tendensiyası ilk mərhələdə daha çox müşahidə olunur, sonrakı mərhələlərdə nəzərə çarpmır”.

Sevinc Səfail
Toplum.Tv