15:26, 07 Yanvar 2019 (Bazar ertəsi) 378

Ombudsman nümayəndələri Mehman Hüseynova baş çəkiblər

Ombudsman nümayəndələri Mehman Hüseynova baş çəkiblər
Bazar ertəsi ombudsman nümayəndələri 12 gündür aclıq edən bloger Mehman Hüseynova baş çəkiblər.

Ombudsmanın mətbuat xidmətinin məlumatına görə, qurumun nümayəndələri Bakı İstintaq Təcridxanasında M. Hüseynovla konfidensial qaydada görüşüblər.

"Onun müraciəti dinlənilib, həkim iştirakı ilə səhhəti və qida qəbul etməsilə bağlı vəziyyəti yoxlanılıb", - məlumatda deyilir.

Ombudsman nümayəndələri bildirirlər ki, Mehman Hüseynov yemək yeyir, sovqat alır, gündəlik həkim nəzarətindədir və sağlamlıq durumu normaldır.

Lakin bu məlumat blogerin yaxınlarının söylədiklərinə ziddir. Onların sözlərinə görə, bloger aclığı davam etdirir.

Bazar ertəsi günün birinci yarısında vəkil Şəhla Hümbətova Mehmana baş çəkməlidir. Lakin saat 14:00-a yaxın onunla əlaqə saxlamaq və ombudsman aparatının məlumatını yoxlamaq mümkün olmayıb.

Turan İA