16:19, 17 Oktyabr 2018 (Çərşənbə) 826

Penitensiar Xidmət: "Biz hansı əsrdə yaşayırıq ki?"

Penitensiar Xidmət:
Rəsul Cəfərov: "İşgəncə, qeyri-insani davranışlar, ləyaqəti alçaldan cəzalar Konvensiyaya ziddir"

Hazırda məhkumluq həyatı yaşayan jurnalist Əfqan Muxtarlı oktyabrın 7-də "karsa” (cərimə kamerasına) salınıb.

Bu barədə jurnalistin həyat yoldaşı Leyla Mustafayeva məlumat verib.

O bildirib ki, jurnalistin cəzalandırlması onun tibb məntəqəsinə icazəsiz getməsi olub: "Amma bu, bəhanədir. Əslində Əfqan Muxtarlı dərman üçün icazə alıb məntəqəyə gedib. Əsl səbəb onun AXCP üzvü Məmməd İbrahimin yastığının altında bıçaq gizlədilməsinin təşkil edilməsinə etirazı idi”.

Leyla Mustafayeva əlavə edib ki, Əfqan Muxtarlını soyundurub yağışlı havanın altında saxlayıblar: "Onu 1 saatdan artıq "kars”da saxladıqdan sonra buraxıblar, amma telefon danışıqlarına məhdudiyyəti daha da artırıblar”.

Hüquq müdafiəçisi Rəsul Cəfərov Toplum.tv-yə açıqlamasında bildirib ki, son günlərdə siyasi məhbuslara qarşı cəzaçəkmə müəsissələrində qeyri-insani rəftar və işgəncələrin edilməsini yalnız bunu qınaya bilərik: "Bu, ölkənin daxili qanunvericiliyinə, həm də beynəlxalq hüquq prinsiplərinə, eyni zamanda, Azərbaycann qoşulduğu sənədlərə və həmin sənədlərə qoşularkən üzərinə götürdüyü öhdəliklərə zidd addımlardır. Məsələnin digər tərəfi də ondan ibarətdir ki, bu, çox ciddi formada qisas siyasətinin aparıldığını göstərir. Çünki qanunsuz və saxta ittihamlarla həbs azmış kimi, bu şəkildə həbs olunan siyasi məhbuslara qarşı cəzaçəkmə müəsissələrində əlavə işgəncə və təzyiqlərin göstərilməsi, bəzi hallarda konkret işgəncə faktlarının olması qınanılmalıdır. Hüquq müdafiəçisi olaraq onu deyə biəlrəm ki, ata biləcəyimiz bir neçə addım var. İlk növbədə, həm ölkə daxilində, həm ölkə xaricində bu kimi məsələləri beynəlxalq təşkilatlar səviyyəsində qaldırmaq və məlumatlandırmaq olar".  

R. Cəfərov başqa bir xüsusi bir məqamı vurğulayıb: "Avropa Şurası ilə Azərbaycan arasında müəyyən fəaliyyət planı icra edilir. Sonuncu dəfə 2014-2017-ci illərdə icra edilib və hazırda 2018-2021-ci illərdə ərzində fəaliyyaət planının yeni versiyası hazırlanır. Məncə, biz çox ciddi şəkildə həmin fəaliyyət planını həyata keçirmək istəyən tərəflərə mesaj verməliyik ki, ölkədə siyasi məhbuslara qarçı bu cür davranış göstərildiyi halda bu fəliyyət planlarının effektiv olmayacaq. Mümkün ola biləcək bütün vasitələrdən istifadə edib siyasi məhbus problemini həll etmək lazımdır. Heç olmasa, onlara qarşı göstərilən bu davranışların qarşısının alınması üçün bu vacibdir. İşgəncə, qeyri-insani davranışlar, ləyaqəti alçaldan cəzalar  Avropa İnsan Haqları Konvensiyasının yeganə maddəsidir ki, heç bir halda pozula bilməz". 

Penitensiar Xidmətin mətbuat katibi Mehman Sadıqov deyib ki, işgəncə verilməsi haqqında səsləndirilən fikirlər əsassızdır: "Bizdə heç kimə işgəncə verilmir. Qanunvericilikdə nəzərdə tutulmuş müxtəlif tədbirlər var, o cümlədən həm həvəsləndirmə, həm də tənbeh tədbirləri. Hər bir məhkumun borcudur ki, daxili nizam qaydalarına ciddi riayət etsin. Əgər məhkum həmin nizam qaydalarına riayət etmirsə, onunla profilaktik iş aparılır. Əgər bu da nəticə vermirsə, töhmət verilir. Hər hansı işgəncədən söhbət belə gedə bilməz. Eyni zamanda qanunvericilik ona yol verir ki, əgər məhkum  onun barəsində çıxarılmış bu və ya digər qərardan narazıdırsa aidiyyatı orqanlara müraciət edə bilər. Yağışın altında saxlamaq məsələsi isə absurddur. Məhkumu necə yağışın altında saxlamaq olar? Biz hansı əsrdə yaşayırıq ki? Əksinə biz məhkumlar üçün hər cür şərait yaratmışıq".
  
Ə.Muxtarlı 2017-ci ilin mayında həbs edilib. Rəsmi orqanlar onu Gürcüstan-Azərbaycan sərhədini qeyri-qanuni keçməkdə ittiham etsələr də, o, özü Tbilisidə oğurlandığını və Azərbaycana gətirildiyini deyib.

Azərbaycanda məhkəmənin qərarı ilə Ə.Muxtarlı 6 il müddətinə azadlıqdan məhrum edilib.
 
Türkan Bəşir
Toplum TV