13:55, 19 Oktyabr 2018 (Cümə) 1001

Rəşad Museyibzadə: "Almaniyada təhsil daha sistemlidir"

Rəşad Museyibzadə:
Rəşad Müseyibzadənin imzası ara-sıra yerli mətbu orqanlarda görünsə də, o, jurnalistikanı deyil, ixtisası üzrə peşəkarlaşmağı seçib. 

Azərbaycan Tibb Universitetini bitirən Rəşad Müseyibzadə Almaniyada təhsilini davam etdirib, sonradan isə elə orada da işləməyə qərar verib. 

O, Bayern əyalətinin Bad Aiblinq şəhərində "Ghersburg Geriatriya” reabilitasiya mərkəzində çalışır.

Azərbaycandan xarici ölkələrə müalicə üçün gedənlərin çoxluğu daim mətbuatın gündəmindədir. İmkansızların yaxın ölkələrə - İrana, Gürcüstana, bir qədər imkanı olanların isə Türkiyə və Almaniyaya üz tutduqları deyilir. Almaniya səhiyyəsinin vəziyyəti haqda məlumatlar bu ölkəyə marağı daha da artırır.

Toplum Tv də bu marağı nəzərə alaraq Rəşad Müseyibzadə ilə söhbətləşib.

- Rəşad bəy, Almaniyadaki təhsillə Azərbaycandakı təhsilin fərqi nədədir?

- Almaniyada daha peşəkar təhsil verilir. Tibb sahəsi sırf almancadır, digər sahələrdə isə ingiliscə də təhsil almaq mümkündür. Mənim sahəm tibb sahəsidir və məcburən alman dilində oxuyuram, yeni dərman və üsullar haqda öyrənmək imkanım daha çox olur. Bu da insanın öz sahəsində inkşafına gətirib çıxarır. Almaniyada təhsil daha sistemlidir. İş vizası aldıqdan sonra, xəstəylə baş-başa qalmağa imkanın daha çox olur. Orada həkimlərə güvən çoxdur.

- Xarici tələbələrin adaptasiya prosesinə yardımcı olacaq mühit varmı?

- Buna ehtiyac da olmur. Xarici  tələbələrlə, alman tələbələrlə və ya iş yoldaşları ilə normal ünsiyyət qurmağa başladılarsa, adaptasiyaya ehtiyac da qalmır. Xüsusən də xəstəxanalarda sənə nəsə öyrətməyə meyilli olurlar. Ən üst təbəqədən, ən alt təbəqəyə qədər hər kəs sənin öyrənməyin üçün şərait yaradır.

- Ümumiyyətlə, Azərbaycanla Almaniya səhiyyəsi arasında fərq nədədir?

- Tibblə bağlı yeniliklər çoxdur. Orada öyrəndiyim bir çox şey var ki, onu Azərbaycanda heç eşitməmişəm. Bizim savadımız əslində onların savadından geri qalmır. Sadəcə, dərmanlar, üsullar yenidir. Bunları öyrənirsən. Burda azərbaycanlıların öyrənməsi üçün çətinlik yoxdur.

- Bir həkim kimi iş tapmaq asandırmı? Orada həkim işləyən azərbaycanlılar çoxdurmu? 

- Azərbaycanlı və alman tələbələrin iş tapma prosesi fərqlidir. Biz birinci hansısa xəstəxanaya yazırıq: "Olarmı gəlib sizdə təcrübə keçək?” Dil seritifikatından əlavə tibbi dillə bağlı da imtahan veririk. Almaniyada xarici həkimlərə ehtiyac var. İş görüşməsində xoşlarına gəlsən, səni işə götürürlər. Yəni çətin proses deyil. Rahatlıqla iş tapmaq mümkündür.
Ümumiyyətlə, xaricdə azərbaycanlı həkimlərin sayı çoxudur və hamısı da yüksək səviyyəli yerlərdədirlər. Bu gün də azərbaycanlı həkimlərin Almaniyaya axını davam edir.

- Sizin ixtisasınız da fərqlidir. Bildiyim qədər Azərbaycanda, bu, hələ tətbiq olunmur…

- Mənim hazırda işlədiyim yer 70-75 yaş sonrası xəstələrin terapiyası və psixoterapiyası ilə məşğul olan bir reabilitasiya mərkəzidir. Tutaq ki, hansısa xəstənin ayağı sınıb, müalicə olunub və daha sonra bizə  müraciət edib. Ya da hər hansı psixoloji problemi olan bir şəxs gəlib bizdə reabilitasiya keçir. Əslində, bunun Azərbaycanda tətbiqi mümkündür. Sadəcə buna vəsait lazımdır. Bunlar Almaniyada sığorta şirkəti ilə baş verir. Yəni xəstənin cibindən bir qəpik də çıxmır. Bunun bizdə tətbiqi üçün, ilk növbədə, sığorta sistemi normal olmalıdır. 

Gülzar N. Məmmədli
Toplum TV