11:15, 08 Fevral 2019 (Cümə) 129

Taleh Bağırzadənin həyat yoldaşı: "Biz ədalət tələb edirik"

Taleh Bağırzadənin həyat yoldaşı:
"Müsəlman Birliyi" Hərəkatının həbsdə olan rəhbəri Taleh Bağırzadənin ailəsi ikinci həftədir onun taleyi haqqında məlumat ala bilmir. 

Bu barədə "Amerikanın Səsi"nə həyat yoldaşı Leyla İsmayılzadə bildirib.

"Taleh Bağırovun hazırki durumu ilə bağlı məlumatımız yoxdur. O, artıq bir həfətədir ki, zəng etmir. İşgəncələrlə bağlı yayılan məlumatlar isə həqiqətdir. Yalnız Taleh Bağırzadəyə deyil, Cabbar Cabbarova, Abbas Hüseynə və son zamanlar Qobustan həbsxanasındakı 700 məhbusa da bu əziyyətlər şamil olunub. Əlbəttə, bu, halları qınayırıq və pisləyirik".
 

L.İsmayılzadə qeyd edib ki, Taleh Bağırzadənin özünə cismani əziyyət vermirlər, amma Abbas Hüseyn və Cabbar Cabbarovu döyürlər.

"Taleh Bağırzadəyə isə mənəvi işgəncə vermək istəyirlər. Onun qolunu hər dəfə köhnə, qanlı qandalla sıx bağlayırlar. Səbəbsiz yerə bir gündə bəlkə də dəfələrlə, iki dəqiqədən bir gəlib adını, soyadını, atasının adını soruşub psixoloji təsir etmək istəyirlər", deyə L.İsmayılzadə bildirib.

O qeyd edib ki, həbsxanada baş verənlərlə bağlı Penitensiar Xidmətə və Qırmız Xaç Komitəsinə müraciət edib.

Qırmızı Xaç nümayəndələri artıq yanvarda bir dəfə T.Bağırzadəyə baş çəkiblər.

"Penitensiar Xidmətdə deyiblər ki, araşdıracaqlar. Onlar da gedib, özü ilə danışırlar, şikayətləri dinləyirlər, gəlib deyilənləri təkzib edirlər", deyə İsmayılzadə bildirib.

O, sonuncu dəfə 2018-ci ilin noyabrında həbsxanada Taleh Bağırzadəylə görüşüb.

Növbəti görüş fevralın sonunda baş tutmalıdır və o, bu görüşdə həyat yoldaşının başına gələnləri ətraflı öyrənəcək.

"Bizim hakimiyyətdən istəyimiz ancaq zülmlərə son qoyulmasıdır. Onlardan artıq bir istəyimiz yoxdur. Bütün vicdanlı insanların bu haqsızlıqlara susmamasını istəyirik", deyə L.İsmayılzadə qeyd edib.

Taleh Bağırzadə, Abbas Hüseyn, Cabbar Cabbarov 2015-ci ilin noyabrında Nardaranda xüsusi əməliyyat zamanı saxlanılıblar və terrorizm, dövlət quruluşunu zorla dəyişdirmə və s. ittihamlarla uzunmüddətli azadlıqdan məhrumetmə cəzalarına məhkum ediliblər.

Onlar ittihamları təkzib ediblər. Hüquq müdafiə təşkilatları onları siyasi məhbus kimi tanıyıb.