11:39, 07 Mart 2019 (Cümə axşamı) 307

Xırdalanda da yanğın olub, ölən var

Xırdalanda da yanğın olub, ölən var
Abşeron rayonunda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) "Report"a verilən məlumata görə, hadisə rayonun Xırdalan şəhərində qeydə alınıb. Belə ki, çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 50 m² olan 1 otaqlı mənzildə yataq dəsti və ev əşyaları 10 m² sahədə yanıb, yüksək temperaturdan hamam otağının plastikdən ibarət qapısı əriyib. 

Yanğının kəşfiyyatı zamanı 1977-ci il təvəllüdlü Şıxməmmədov Namiq Kamal oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Martın 5-də Bakı şəhəri Nərimanov rayonu Malik Məmmədov küçəsi, 12 ünvanında yerləşən beşmərtəbəli yataqxanada da yanğın baş verib.

Hadisə nəticəsində Elza və Surxay Əliyevlər həyatlarını itirib. 6 nəfər isə xəsarət alıb, tüstüdən zəhərlənib.