11:40, 08 Fevral 2019 (Cümə) 283

Zəlzələ bölgəsində sürüşmə aşkarlanıb

Zəlzələ bölgəsində sürüşmə aşkarlanıb
Fevralən 5-də İsmayıllı və Ağsu rayonlarında baş verən zəlzələ ilə bağlı bölgədə kompleks seysmoloji tədqiqatları davam etdirilir.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) əməkdaşları Şamaxı rayonu ərazisində sürüşmə faktını aşkar ediblər.

Bu barədə "Report"a RSXM-nin İnformasiya şöbəsindən məlumat verilib. 

Aparılan araşdırmalar zamanı Şamaxı rayonunun ərazisində Qızmeydan yolunun kənarında sürüşmə sahələrində aktivlik müşahidə olunub. Qeyd edək ki, aşkar olunan birinci sürüşmə sahəsinin yanında asfalt yolun üzərində 5-10 millimetrlik çatlar yaranıb. Bundan başqa, yolun kənarında 15-25 millimetrlik çökmə və sürüşmə halı müşahidə edilir.

Yolun ikinci hissəsindəki sürüşmə sahəsində asfalt üzərində 5-10 millimetrlik çatlar, yol kənarında isə 20-30 santimetrlik aralanma müşahidə edilir. Həmçinin, Ağsu aşırımında yolun 154-cü kilometrinə qədər hissəsində çatlar və sürüşmələr müşahidə olunur.

Bununla yanaşı, RSXM əməkdaşları ayrı-ayrı qruplarda zəlzələnin episentrində gərginliyin öyrənilməsi ilə bağlı da tədqiqatları davam etdirirlər. Hazırda müxtəlif istiqamətlərdə profillər üzrə seysmik və geofiziki tədqiqatlar davam etdirilir.

Aparılan araşdırmalarla bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.